2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, sözügedən klub Türkiyə Super Liqası təmsilçisi “Başakşəhər”in qvineyalı futbolçusu Alya Tureni icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı cinah yarımmüdafiəçisi qarşıdakı mövsümün sonuna qədər icarə əsasında “Sumqayıt”ın uğurları üçün çalışacaq. O, yeni komandasının heyətində 37 nömrəli formada çıxış edəcək.
Alya Ture karyerası boyunca Qvineyanın “Sekvens”, Türkiyənin “Başakşəhər”, “Akhisarspor” və Danimarkanın “Yammerbuxt” klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
“Sumqayıt” daha öncə Vüsal İsgəndərli, Stiven Pereyra, Damyan Daniçiç və Rifat Nurmuqameti də transfer etmişdi. Vurğun Hüseynov və Vüqar Mustafayevlə isə yeni müqavilə imzalanıb. Əvəzində Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov, Dmitri Nağıyev və Yusif Nəbiyev bu komandadan ayrılıb.
Sumqayıtlılar Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdi ilə də yollarını ayırıb. Sözügedən futbolçu Cənubi Azərbaycanın “Traktor” klubuna satılıb. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


