Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız doğma meydanda Polşa yığması ilə üz-üzə gəlib.
Joze Alesio da Silvanın çalışdırdığı yığmamızda Ramiz Çovdarov və Eduardo Borges zədəli, Felipinyo isə cəzalı olduğuna görə heyətdə yer almamışdı. Əvəzində Emin Kürdov ilk dəfə komandanı rəsmi oyuna kapitan sarğısı ilə çıxarmışdı.
Bakı İdman Sarayında baş tutan bu oyunu ötən ay Aktauda Qazaxıstan millisi ilə yoldaşlıq matçında iş başında olmuş referilər idarə edirdi. Yeri gəlmişkən, dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda “Olimpiakos”u məğlub edən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges də Bakı İdman Sarayına təşrif buyurmaqla millimizə dəstək olub.
Oyunda hesab 7-ci dəqiqədə açılıb. Millimiz Mroviçin qoluna 10-cu dəqiqədə Xətai Bağırovla cavab verib. Tyaqonun cinahdan paralel ötürməsini 10 nömrə tora qovuşdurub. Növbəti qol da komandamızdan gəlib. Bu dəfə rəqibi fərdi ustalıqla keçən Vilela qarşısıalınmaz zərbə ilə toru silkələyib. Fasilədən sonra Vilela dəqiq zərbə ilə topu “9-luğ”a sancmaqla azarkeşləri növbəti dəfə sevindirib. Lakin rəqib cərimə zərbəsi zamanı fərqi azaltmağı bacarıb. Amirin kobud oyunundan sonra “ev tapşırığı”nı yerinə yetirən Lesçak adını tabloya yazdırıb. 27-ci dəqiqədə tabloda yenidən bərabərlik yaranıb. Bu dəfə Emin Kürdovdan dönən topu Kamil Surmyak dəqiq tamamlayıb. Buna baxmayaraq, 34-cü dəqiqədə Sarayın tribunaları yenidən coşub. Sol cinahla reyd edən Amadeunun ötürməsini Bolinya məntiqi sonluğa çatdırmaqla hesabdakı tarazlığı xeyrimizə dəyişib. Matçda başqa qol qeydə alınmayıb və yığmamız qrupdakı ilk matçını çətin qələbə ilə başa vurub.
Xatırladaq ki, millimizdən fərqli olaraq Polşa yığması qrupda artıq bir oyun keçirmişdi. Sentyabrın 19-da Yunanıstanla qarşılaşan rəqibimiz 3:0 hesablı qələbəyə sevinmişdi. Azərbaycanın futzal millisi də növbəti oyununu oktyabrın 11-də Afinada məhz Yunanıstana qarşı keçirəcək.
DÇ-2024-ün əsas seçmə mərhələsi
6-cı qrup
7 oktyabr
Azərbaycan – Polşa 4:3
Qollar: Xətai Bağırov, 9:59. Rafael Vilela, 16:38; 23:08. Tyaqo Bolinya, 33:31 – Mateus Mroviç, 6:06. Sebastyan Lesçak, 24:24. Kamil Surmyak, 26:39.
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan).
Timekeeper: Rza Məmmədov (Azərbaycan).
Hakim-inspektor: Sven Eikler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Bakı İdman Sarayı. Saat 20:00.
Azərbaycan: 1. Emin Kürdov (k), 5. Fineo De Arauxo, 9. Rafael Vilela, 13. Everton Cardoso “Qallo”, 14. Amadeu, 12. Rövşən Hüseynli, 19. Cavad Məmmədov, 3. Tyaqo Bolinya, 4. Fərid Ələkbərov, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. İsa Atayev, 10. Xətai Bağırov, 20. Amir Şocaei.
Baş məşqçi: Joze Alesio Da Silva.
Polşa: 1. Mixal Kaluza, 7. Mikolay Zastavnik, 8. Kamil Surmiak, 11. Mateus Mroviç, 13. Tomas Kriezel (k), 12. Bartolomey Naurat, 5. Kasper Sendlevski, 10. Sebastian Lesçak, 15. Pavel Kanevski, 16. Kamil Roll, 17. Mixal Klaus, 19. Raymund Şetsla.
Baş məşqçi: Blazej Korçinski.


