Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Orenburq”la qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası ikinci hissədə vurduğu iki qol sayəsində inamlı qələbəyə sevinib – 2:0.
Ayaz Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 90+1-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ximki”nin digər azərbaycanlı futbolçusu İlya Sadıqov da “Orenburq”la görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
“Ximki” 16 turdan sonra 12 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


