“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb. Arena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatının 16-cı turunda “Kəpəz”ə qalib gəlib.
Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.
Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udmuşdular.
197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.
Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov isə Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.


