Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib – 1:0. Görüşdə yeganə qola Ramon Maçado imza atıb.
Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, Birinci Divizionda 13, avrokuboklarda isə 8 ev qələbəsinə sevinib.
Xatırladaq ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Həmin dövrdə Birinci Divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.
“Qarabağ”ı yarışdan kənarlaşdıran “Qəbələ” iki oyunun yekunundakı (2:2, 1:0) qələbə ilə 10-cu dəfə bu raunda vəsiqə qazanıb. “Qırmızı-qaralar” bu göstəricidə turnirin tarixində 4-cüdür.
42 oyunluq seriyaya son
Əvəzində “Qarabağ”ın daxili yarışlardakı məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Bu, Ağdam təmsilçisinin “Qəbələ”yə 0:1 hesabı ilə uduzmasından sonra baş verib. Bunadək 42 matçda yenilməyən “köhlən atlar” 43-cü görüşündə məğlubiyyət acısı yaşayıb.
“Qarabağ” bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlub olub.
Xatırladaq ki, “Qarabağ” beynəlxalq arenada son məğlubiyyətini isə bu il oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada “Nant”dan alıb – 1:2.


