“Sabah”ın müdafiəçisi Amin Seydiyev paytaxt klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimidir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.
Xatırladaq ki, Amin Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.
Seydiyev “Qəbələ”nin yetirməsidir. O, 2017-ci ildən 2020-ci ilə qədər məhz əyalət klubunun əsas komandasında forma geyinib. O, “Qəbələ”də 39 (1 qol, 1 məhsuldar ötürmə), Azərbaycan millisində isə 7 oyun keçirib.


