“Sabah”ın futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Azərbaycan Premyer Liqasında yubiley qeyd ediblər. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 20-ci turunda baş verib.
“Qəbələ” ilə səfər matçı (3:0) Tellurun 150-ci, Aminin 100-cü çempionat oyunu olub. Onların hər ikisi vaxtilə formasını daşıdıqları kluba qarşı görüşdə yubileylərini qeyd ediblər. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb. Onların hesabında müvafiq olaraq 13 və 3 qol var.
İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur Mütəllimov “Zirə”də 63 oyunda 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.
Debütü 2018/19 mövsümündə reallaşan Amin Seydiyev isə “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 matçda 2 qola imza atıb.


