Azərbaycanın futbol üzrə U-21 milli komandasının sabiq yarımmüdafiəçisi Kamran Əliyev “Sumqayıt”a transfer olunub. Arena.az xəbər verir ki, bir müddət öncə Rusiyanın “Arsenal” (Tula) klubundan azad agent kimi ayrılan futbolçu Sumqayıtın eyniadlı təmsilçisi ilə müqavilə imzalayıb.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Kamran Əliyev Rusiyanın “Ximki” klubunun yetirməsidir. O, sözügedən klubun əsas komandasında (2017-2021) 100 matça çıxıb, 19 qol vurub. Futbolçu sonrakı 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
25 yaşlı vinger Tula “Arsenal”ına 2022-ci ilin iyul ayında keçmişdi. O, sözügedən komandada 14 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Kamran vaxtilə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib. Onun “Sumqayıt”da çıxış etməklə yaxın gələcəkdə Azərbaycanın əsas millisinə də dəvət alması gözlənilir.


