Futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov DÇ-2024-ün əsas mərhələsində keçirəcəkləri növbəti oyunlara hazırlığı dəyərləndirib. Arena.az xəbər verir ki, dünya çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstan və Polşa yığmaları ilə qarşılaşacaq millimiz fevralın 27-dən təlim-məşq toplanışını davam etdirir.
Komandamız dünən bir məşqlə kifayətlənib. İki saata yaxın davam edən hazırlıq prosesini baş məşqçi əsasən taktiki tapşırıqlar üzərində qurub.
Məşqdən sonra Afinada Yunanıstan yığmasının qapısına 2 qol vuran Xətai Bağırov federasiyanın rəsmi saytına açıqlama verib. O, hazırlıq prosesini və şanslarını belə dəyərləndirib:
“Araz Naxçıvan”da çıxış edən oyunçular Yunanıstanla matçın hazırlığına daha erkən cəlb edilmişdilər. Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırdı.
Yunanıstanla oyundakı tapşırığımız da aydındır: qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyükhesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qalıb. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər.
Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.


