Futzal üzrə Azərbaycan milli komandasının kapitanı və qapıçısı Emin Kürdov federasiyanın mətbuat xidmətinə açıqlama verib. Arena.az xəbər verir ki, o, DÇ-2024-ün əsas mərhələsində qarşılaşacaqları Polşa ilə səfər oyunundan öncə fikirlərini bölüşüb:
“18 saatlıq yol gəlmişik. Bir az istirahət edib, bu gün (dünən – red.) məşqə çıxdıq. Təəssüf ki, komandamızda həm zədəlilər, həm də xəstələnən oyunçu var. Amma fikrimcə, oyun saatına qədər oyunçuların 90-95 faizi tam hazır olacaq. Bakıda da demişdim. Polşa ilə oyuna nə heç-heçə, nə də minimal hesablı məğlubiyyət üçün, ancaq qələbə qazanmaqçün çıxacağıq. Bizim üçün bu, çox önəmli oyundur. Çünki hazırda söhbət qrup liderliyini saxlamaqdan gedir. Bu oyunda qalib gəlməklə xalqımızı sevindirməyə çalışacağıq”.
Xatırladaq ki, Azərbaycan millisi martın 7-də Koşalin şəhərində baş tutacaq həlledici oyunda Polşa yığması ilə üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasında ötən il Bakıda keçirilmiş oyunda millimiz 4:3 hesablı qələbəyə sevinmişdi. Futzal yığmamız bir neçə gün öncə Yunanıstanı doğma meydanda 5:2 hesabıyla məğlub edərək elit-raunda vəsiqəni təmin etsə də, Polşaya son oyunda qalib gələrək növbəti mərhələyə maksimum nəticə ilə yollanmağı hədəfləyib.


