Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) əsas seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Arena.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi millimiz səfərdə Polşa yığması ilə qarşılaşıb.
Elit-raunda vəsiqəni təmin edən millimiz üçün bu matç qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli idi. Buna nail olmaq üçün komandamıza heç-heçə, hətta minimalhesablı yenilgi də sərf edirdi.
Oyunun əvvəli futzalçılarımız üçün yaxşı başlamayıb. 4-cü dəqiqədə 2 qol buraxan komandamız fasiləyə hesabda geridə yollanıb. İkinci hissədə İsa Atayev fərqi minimuma endirsə də, rəqib sonradan daha 2 qol vurub. Daha sonra Amadeu oyunda intriqanı ölməyə qoymayan qola imza atsa da, Zastavnik bu dəfə qarşısıalınmaz olub. Qalan dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Joze Alesio da Silva bu gedişi ilə fərqin azalmasına nail ola bilməyib.
Nəticədə ağır məğlubiyyətə üzülən Azərbaycan millisi qrup liderliyini əldən verib. Komandamız elit-raunda qrup ikincisi kimi vəsiqə qazanıb.
Xatırladaq ki, yığmamız Polşaya Bakıdakı oyunda 4:3 hesabıyla qalib gəlmişdi. Qrupdakı digər rəqibimiz Yunanıstanla görüşlərdə isə daha inamlı qələbələr (səfərdə 7:0, evdə 5:2) qeydə alınmışdı.
DÇ-2024-ün əsas seçmə mərhələsi
6-cı qrup
7 mart
Polşa – Azərbaycan 7:2
Qollar: Mikolay Zastavnik, 3:48; 27:05; 27:35; 30:05; 32:44. Yakub Raşkovski, 3:54. Tomaş Krizel, 31:57 – İsa Atayev, 23:09. Amadeu, 28:00.
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya).
Timekeeper: Marta Brudnicka (Polşa).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya).
Koşalin idman zalı. Saat 23:00.
Polşa: 1. Mixal Kaluza, 2. Mikal Kubik, 7. Mikolay Zastavnik, 13. Tomaş Krizel (k), 18. Yakub Raşkovski, 20. Lukaş Blaşik, 3. Mateus Madziaq, 4. Patrik Holi, 6. Remigiuş Spikalski, 10. Sebastyan Leşçyak, 11. Mateus Mroviç, 15. Pauel Kanievski, 23. Kristof Elsner, 24. Dominik Smailkovski.
Baş məqşçi: Blazej Korçinski.
Azərbaycan: 1. Emin Kürdov (k), 5. Fineo, 6. Eduardo Borges, 9. Rafael Vilela, 14. Amadeu, 12. Rövşən Hüseynli, 3. Tyaqo Bolinya, 4. Xəzər Ağalızadə, 7. Ramiz Çovdarov, 10. Felipinyo, 11. Xətai Bağırov, 13. Qallo, 16. Hadi Ahmadi, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.
Yekun turnir cədvəli:
- Polşa – 4 oyun, 3 qələbə, 1 məğlubiyyət (17-7) – 9 xal
- Azərbaycan – 4 oyun, 3 qələbə, 1 məğlubiyyət (18-12) – 9
- Yunanıstan – 4 oyun, 4 məğlubiyyət (3-19) – 0


