Joze Alesio: “Sona qədər mübarizə aparmaq lazım idi”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio DÇ-2024-ün əsas seçmə mərhələsində Polşaya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Polşanın Kaşalin şəhərində baş tutan qrupun son və həlledici matçı millimiz üçün uğursuz alınıb.

Belə ki, qarşılaşma meydan sahiblərinin 7:2 hesablı qələbəsiylə yekunlaşıb. Nəticədə Polşa yığması millimizlə eyni xalda olmasına baxmayaraq, daha yaxşı top fərqinə görə qrup lideri kimi mərhələ adlayıb. Azərbaycan millisi isə elit-raunda qrup ikincisi kimi vəsiqə qazanıb. 6-cı qrupun digər iştirakçısı Yunanıstan sonuncu yerlə kifayətlənib.

Joze Alesio da Silva son oyundakı ağır məğlubiyyətlə bağlı bunları söyləyib: “Oyuna yaxşı başladıq və 2 real qol epizodu yaratdıq. Təəssüf ki, həmin epizodlardan istifadə edə bilmədik. Halbuki, bu cür oyunlarda kimin şansından tez istifadə etsə, ilk qolu vursa, qalib olacağını məşqlərdə də oyunçularıma demişdim. Biz epizodları qaçırdıq, əvəzində qapımızdan qol buraxdıq. Daha sonra səhvə yol verdik və fərq artdı.

Dünya çempionatında oynamaq istəyiriksə, bu cür “hədiyyələr” verməməliyik. Əksinə, daha çox diqqətli olmalıyıq. Tribunaların təzyiqi də üzərimizdə idi. Fasilədən sonra fərqi azaltdıq və nisbətən sakit oynamalı idik. Uşaqlara müdafiədə daha təmkinli davranmağı tapşırdım. Ancaq oyunçular hücuma keçirdi. Sanki oyun intizamından qopduq. Sona qədər mübarizə aparmaq lazım idi. Hesabda fərq yarandıqca məcbur olub risk etdik. Təəssüf ki, “beşinci” oyunçu ilə də onların fərqlənməsinə mane ola bilmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: