Azərbaycanın futzal üzrə U-19 yığmasının baş məşqçi əvəzi İlqar Aslanov bu gün Yunanıstan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2023) əsas mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirən komandamız 3:11 hesabıyla məğlub olub.
U-19 yığmamızın baş məşqçisi Ağatahir Əzimovun səhhətində problem yarandığından, komandamızı qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinaya məhz İlqar Aslanov aparıb. O, ardıcıl üçüncü məğlubiyyəti Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında belə şərh edib:
“Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik”.
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla məğlub olmuşdu.


