“Neftçi” futbol üzrə Azərbaycan milli komandasının düşərgəsindən zədəli qayıdan yarımmüdafiəçisi Eddi İsrafilov ilə bağlı açıqlama yayıb. Arena.az xəbər verir ki, milli üzvü klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Futbolçunun durumu ilə bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib. O, təcrübəli oyunçunun bir müddət məcburi istirahət edəcəyini bildirib:
“Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən sonra Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə var. Müalicəyə başlamışıq. Planlaşdırırıq ki, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlaya biləcək”.
Xatırladaq ki, Eddi İsrafilov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan matçında zədələnmişdi. Bu üzdən də o, 60-cı dəqiqədə Elvin Camalovla əvəzlənmək məcburiyyətində qalmışdı. İlkin müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşdiyi üçün o, İsveçlə oyundan öncə millidən ayrılmışdı.
Millimiz Avstriya ilə səfər oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. Komandamız ötən gecə də İsveçə 0:5 hesabıyla uduzub.
İspaniyada dünyaya göz açmış Eddi İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 36 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.


