Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” müdafiəçisi Denis Marandiç ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Moldova milli komandasının müdafiəçisi ilə 1+1 il müddətinə yeni sözləşmə imzalanıb.
Marandiç Tovuz klubu ilə yeni müqavilə imzalaması ilə bağlı təəssüratlarını da bölüşüb. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu, bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.
Xatırladaq ki, “Turan Tovuz” Denisi bu ilin yanvar ayında heyətinə qatmışdı. Həmin vaxt tərəflər arasındakı müqavilənin bu mövsümün sonuna kimi nəzərdə tutulduğu diqqətə çatdırılmışdı.
Denis Marandiç müdafiənin sol cinahında çıxış edir. Portuqaliya vətəndaşlığı da olan futbolçu Moldova yığmasında 6 oyun keçirib. Müdafiəçi karyerası ərzində Portuqaliyanın “Unian Leyriya” və Sloveniyanın “Çelye” komandalarının formasını geyinib. Onun “Turan Tovuz”dan əvvəlki son klubu Bosniya və Hersoqovina təmsilçisi “Jrinski” olub. 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində meydana çıxdığı 9 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.


