Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov zədəsini sağaldıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. “Zirə” ilə matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 3-dən etibarən məşqlərə başlayıblar. Bu gün “Neftçi Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub.
Məşqdə əsasən toplu və taktiki çalışmalar icra olunub. Zədəsini sağaltmış Eddi İsrafilov komanda ilə məşqə qoşulub. Komandanın digər zədəli futbolçusu Ataa Caber isə fərdi məşğul olub.
Aprelin 8-də “Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Eddi İsrafilov Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Avstriya ilə səfər matçında sıradan çıxmışdı. Bu üzdən də o, İsveçlə matça aparılmadan Bakıya yola salınmışdı. Müayinələrdən sonra təcrübəli futbolçunun 2 həftə komandaya kömək edə bilməyəcəyi açıqlanmışdı.
İspaniyada dünyaya göz açmış Eddi 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 22 oyun keçirib. O, 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 36 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.


