Azərbaycanlı futbol məşqçisi Nazim Süleymanov Rusiyanın “Ximki” klubundakı iş yerini növbəti dəfə dəyişmək məcburiyyətində qalıb. Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yenidən bu klubun U-19 komandasının baş məçqçisi təyin olunub. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Nazim Süleymanov daha öncə “Ximki”də məhz U-19-a rəhbərlik edirdi. Lakin o, 2022-ci ilin sentyabrında U-19-dan ayrılmış və klubun əvəzedici komandasının baş məşqçisi təyin olunmuşdu. İndi isə rəhbərlik yenidən bu iki komandanın baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib. Süleymanovu U-19-a qaytaran “Ximki” rəhbərliyi əvəzedici komandaya da Rinat Bilyaletdinovu baş məşqçi təyin edib.
“Ximki”nin prezidenti azərbaycanlı Tufan Sadıqovdur. Onun oğlu İlya Sadıqov klubun əsas komandasında forma geyinir. Hansı ki, bu komandada digər azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. Amma zəif çıxışı ilə diqqət mərkəzində olan bu kollektiv Premyer Liqanı tərk etməyə çox yaxındır.


