Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 35-ci çərçivəsində keçirilmiş “Utrext”in gənclərdən ibarət komandası ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 2:0 hesablı qələbə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü bu oyunda fərqlənə bilməyib.
“Eyndhoven” cari mövsümdə keçirdiyi 35 oyuna 54 xal toplayıb və 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.


