“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın sonuncu – 36-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu (3:0) şərh edib.
Arena.az xəbər verir ki, onun “Sumqayıt”dakı həmkarı Samir Abasov da böyük hesabla uduzduqları matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb.
Hər iki mütəxəssisin oyunla bağlı səsləndirdiyi fikirləri təqdim edirik:
Rəşad Sadıqov: “Qələbə qazanmaq, şansımızı sona qədər saxlamaq üçün əlimizdən gələni etdik. “Qəbələ” öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənarda qaldıq. Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm.
Təbii ki, heyətdə dəyişikliklər gözlənilir. Rəhbərliklə də görüşümüz olacaq, növbəti mövsüm üçün hədəflərimiz və planlarımızla bağlı danışacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək.
Hamidu Keytanın “Qarabağ”a keçidi yaxın günlərdə rəsmiləşəcək. Bu komandanın maraq dairəsində olan futbolçu idi. Cəzalı idi deyə, bu oyunda çıxış etmədi. Biz də ona “Qarabağ”la danışıq aparmasına icazə verdik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid olar”.
Rəşad Sadıqov “Zirə”dəki öz taleyindən də danışıb və fəaliyyətini dəyərləndirib: “Təbii ki, işimizi uğurlu adlandıra bilmərik. Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddiasını nəzərə alsaq, bu mövsüm üçüncülük uğrunda mübarizə aparmağımız çətin idi. Buna görə əsas hədəf dördüncü yeri tutmaq idi. 51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmazdım. Daha yaxşı və sabit çıxış etməliyik. Daha yaxşı yerlərdə olmaq istəyiriksə, güclənməliyik. Mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk. Bizə isə mütləq şəkildə güclənmək lazımdır.
Bu mövsüm mənim üçün çox böyük təcrübə oldu. Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdır. Mövsümün əvvəlində müəyyən mövqelər üçün oyunçu tapa bilmirsənsə, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsümboyu əziyyətini çəkəcəksən. Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdir. Bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaq istəyirdik. Nəticə çıxarıb, komandanı daha da gücləndirmək lazımdır”.
“Futbolçularda həddindən artıq rahatlıq var idi”
Samir Abasov: “Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Bizim üçün “Qarabağ”la oyunda hər şey bitmişdi. Çempionatda yerimizi təmin etmişdik. Ona görə də bu oyuna rahat, stressiz çıxmışdıq. Kimə nə deyəsən? Uşaqları bu cür oyunlara kökləmək çətindir. Futbolçularda həddindən artıq rahatlıq var idi. Bu da başadüşüləndir. Çempionatda qalmağımıza görə təbrik düşürmü, düşmürmü, bilmirəm. Doğrudan da futbolçular son matçlarda çox əziyyət çəkdilər. Qalanlarla işimiz çoxdur, gedənlərə uğurlar arzulayıram. “Qarabağ”la oyundan sonra gələcək üçün planların üzərində işləməyə başlamışıq. Bu şəhər daha yaxşı yerlərə layiqdir. Onu da edəcəyik”.


