Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin iki legioneri – İssa Cibrilla və Toni Qomes ölkələrinin milli komandasına dəvət alıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İssa Cibrilla Niger, Toni Qomes isə Qvineya-Bisau milli komandasına çağırılıblar.
İssa Cibrillanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Tanzaniya ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 18-də Tanzaniyada baş tutacaq.
Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə eyni turnirdə San-Tome və Prinsipi yığmasına qarşı mübarizə aparacaq. Onun komandası da bu rəqiblə iyunun 14-də səfərdə qarşılaşacaq.
Xatırladaq ki, Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 9 oyuna çıxıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 18 oyun keçirib və 4 qol vurub.
Qomes isə 2022-ci ilin avqustundan Premyer Liqa təmsilçisində forma geyinir. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan təmsilçisinin heyətində 25 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliya vətəndaşlığı da olan vinger Qvineya-Bisau yığmasında cəmi 2 matç keçirib.


