Cəlal Hüseynov rəsmən Bolqarıstan klubunda – FOTO

Futbol üzrə Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubu ilə rəsmi müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu “Arda”nın bu yay heyətinə qatdığı ilk futbolçu kimi təqdim olunub. Tibbi müayinələrdən uğurla keçən azərbaycanlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Cəlal Hüseynov “Zirə”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Futbolçu qəsəbə təmsilçiisndə 42 oyun keçirib, 1 qol da vurub. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti bu ayın sonuna kimi idi. Bu üzdən də millimizin üzvü Bolqarıstan təmsilçisinə azad agent kimi cəlb olunub.

Geridə qalan mövsümdə isə Cəlal icarə əsasında “Şamaxı”nın uğurları üçün çalışıb. O, əyalət klubunda da 34 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçi 2021-ci ildən formasını geyindiyi Azərbaycanın əsas milli komandasında da 5 oyuna çıxıb.

Sonda onu da xatırladaq ki, “Arda” Bolqarıstan çempionatında 2022-2023 mövsümünü 16 komanda arasında 8-ci pillədə başa vurub. 30 oyuna 42 xal toplamış komanda 11 qələbə, 9 heç-heçə və 10 məğlubiyyət görüb.

Kardjali (Qırcaəli) şəhərini təmsil edən bu klub 1924-cü ildə yaradılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: