Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasında debüt oyununa çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bu gün baş tutan İndoneziya yığması ilə yoldaşlıq matçının iştirakçısı olub.
Caber bu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub. Qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Xatırladaq ki, Ataa Caber Fələstin vətəndaşlığını yenicə alıb. Bu üzdən də o, sözügedən ölkənin millisinin İordaniyada təşkil olunmuş təlim-məşq toplanışına dəvət alıb. Caber iyunun 20-də Çin yığması ilə də yoldaşlıq oyununda iştirak edə bilər.
Əvvəllər İsrailin U-19 və U-21 millisinin şərəfini qorumuş Caber, gənclərdən ibarət komandanın kapitanı da olub.
Caber 2022-ci ilin iyul ayında İsrailin “Aşdod” klubundan “Neftçi”yə keçib. O, paytaxt təmsilçisində 37 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “İhud Bney Saxnin”, “Makkabi” (Hafya) və “Aşdod” kimi klublarda forma geyinib.


