Namiq Ələsgərov yenidən Türkiyəyə gedir – Bu klubdan təklif var

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Namiq Ələsgərov yenidən Türkiyədə legioner həyatı yaşaya bilər.

Arena.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçunun xidmətində qardaş ölkənin “Kocaelispor” klubu maraqlıdır.

Kocaeli təmsilçisi azərbaycanlı yarımmüdafiəçini bu yay transfer dönəmində heyətinə qatmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, Namiq Ələsgərov geridə qalan mövsümü “Sabah”da keçirib. O, paytaxt klubunun heyətində 24 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Namiq “Sabah”a 2022-ci ilin yayında Türkiyənin “Bursaspor” klubundan ayrılaraq keçmişdi. Hansı ki, o, Bursa təmsilçisində keçirdiyi 2021/2022 mövsümü ərzində 33 oyuna çıxmış, 6 qol və 6 assistlə yadda qalmışdı.

Ələsgərov karyerası ərzində “Neftçi” (127 oyun, 34 qol, 15 assist), “Qarabağ” (34 oyun, 1 qol, 2 assist), “Bakı” (19 oyun, 2 qol) və “Kəpəz”də (15 oyun, 3 qol) də oynayıb. Azərbaycanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə də 39 oyuna çıxıb, qol vura bilməyib.

Qeyd edək ki, “Kocaelispor” 2023/2024 mövsümündən TFF 1-ci liqada mübarizə aparacaq. Komanda bu vəsiqəyə aşağı liqada çempion olmaqla sahib çıxıb. Kocaeli təmsilçisini 1-ci Liqada son olaraq Cənubi Azərbaycan “Traktor”unda baş məşqçi kimi çalışmış Ərtoğrul Sağlam çalışdıracaq.

Sonda onu da xatırladaq ki, Namiqin “Sabah”la mövcud müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir. Bu üzdən də Türkiyə klubu onu heyətinə qatmaq üçün Premyer Liqamızın gümüş mükafatçısına təzminat ödəməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: