2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olmuş “Qəbələ” Rövlan Muradov və Felipe Santosla yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun “Qəbələ”də qalmayacağı hələ ötən gün dəqiqləşmişdi. Belə ki, o, azad agent kimi İsrailin “Haopel” (Hayfa) klubu ilə 1 illik müqavilə bağlamışdı.
“Qəbələ” bu gün yaydığı açıqlama ilə, Santosdan əlavə, Rövlan Muradovun da komandada qalmayacağını təsdiqləyib. Xəbərdə bildirilir ki, yarımmüdafiəçilərlə müqavilələrin müddəti başa çatıb. “Qəbələ” İdman Klubu Muradovla Santosa “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Xatırladaq ki, Felipe Santos 2022-ci ilin iyul ayından “Qəbələ”də çıxış edirdi. O, geridə qalan mövsümdə meydana çıxdığı 43 oyunda 6 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Santos “Qəbələ”dən öncə Azərbaycanda “Şamaxı”nın da uğurları üçün çalışıb. O, bu komandada da 26 oyuna 7 qol və 5 assistlə yadda qalıb. Sol cinah vingerinin formasını geyindiyi komandalar arasında “Maribor” və “Ankaran” da var.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Rövlan Muradov isə əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Qəbələ”də Muradov və Santosdan öncə Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev və Andrey Strijak da komandadan ayrılmışdı. Əvəzində İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov və Kristof Atanqana ilə yeni müqavilə imzalanıb. Yeni transferlərdən isə hələ xəbər yoxdur. Halbuki, Qəbələnin eyni adlı təmsilçisi bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.


