2022/2023 mövsümünün sonunda “Sumqayıt”dan ayrılan qapıçı Aydın Bayramov yeni mövsümdən “Turan Tovuz”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 27 qolkiperlə 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Bu, “Turan Tovuz”un bu yay rəsmən açıqladığı ikinci transferdir. Tovuzlular Aydından öncə “Kəpəz”dən ayrılmış yarımmüdafiəçi Fərid Nəbiyevlə müqavilə imzaladıqlarını açıqlamışdılar.
Xatırladaq ki, Aydın Bayramov 2019-cu ilin yanvar ayından “Sumqayıt”da forma geyinirdi. O, bu komandanın heyətində 64 oyun keçirib, 93 qol buraxıb. Qolkiper 18 matçda da qapısını toxunulmaz saxlamağa nail olub.
Aydın daha öncə “Rəvan” və “Sabah”ın aşağı yaş qrupları üzrə komandalarında oynayıb, MOİK-in formasını geyinib. Onun “Sumqayıt”la müqaviləsinin müddəti bu ayın sonuna kimi olduğu üçün “Turan Tovuz”a azad agent kimi keçib.
Xatırladaq ki, “Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla yeni müqavilə imzalandığı da açıqlanmışdı. Henri Okebuqvu ilə isə yollar ayrılıb.


