Ötən gün “Qəbələ”dən ayrılan yarımmüdafiəçi Rövlan Muradov bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu keçidini reallaşdırıb. Klub son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Rövlan Muradov “Qəbələ” futbol akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində yalnız bu klubun uğurları üçün çalışıb. Yarımmüdafiəçi “Qəbələ”nin əsas komandasında keçirdiyi 117 oyunda 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. O, U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.
Xatırladaq ki, “Sumqayıt” daha öncə iki qapıçı – Mehdi Cənnətov və Orxan Sadıqlını da transfer etmişdi. Elvin Bədəlov və Murad Xaçayevlə isə yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka və Vurğun Hüseynov da komandanı tərk ediblər.


