Türkiyənin “Fatih Karagümrük” klubu “Fiorentina”nın rus hücumçusu Aleksandr Kokorinlə danışıqlara başlayıb.
Arena.az bu barədə “Fotomaç”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Fatih Karagümrük” Kokorini transfer etməklə milli çempionatın 33 oyununda 23 qol vurmuş və 6 məhsuldar ötürmə etmiş seneqallı mərkəz hücumçu Mbaye Dianı əvəzləmək niyyətindədir.
Ötən mövsüm Alexandr Kokorin icarə əsasında Limasol “Aris”ində çıxış edib. O, Kipr çempionu olmaqla yanaşı, turnirin ən yaxşı futbolçusu seçilib. Rus hücumçu “Aris”in heyətində 30 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib. Mövsümün bitməsilə Kokorin “Fiorentina”ya qayıdıb.
Vurğulayaq ki, Kokorinin transfer hüquqları “Fiorentina”ya məxsusdur.
Kokorin “Fiorentina”ya 2021-ci ilin qışında Moskva “Spartak”ından keçib. 32 yaşlı hücumçu əvvəllər Moskva “Dinamo”su, “Anji”, “Zenit”, və “Soçi”nin şərəfini qoruyub. Kokorin Rusiya yığmasında 2011-2017-ci illərdə çıxış edib, 47 oyunda 12 qol vurub.
“Transfermarkt” internet-portalı Alexandr Kokorini 1 milyon avro məbləğində qiymətləndirir.


