Rüstəm Əhmədzadə və Hacıağa Hacılı da “Zirə”də qaldı

Premyer Liqa təmsilçisi “Zirə” üç futbolçusu – Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, paytaxt klubu hər üç futbolçunu heyətdə saxlamağa qərar verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qapıçı Anar Nəzirovla 1 illik müqavilə imzalanılıb.

Ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. “Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Son 3 mövsümü icarə əsasında “Zirə”də keçirmiş Hacıağa Hacılı isə birdəfəlik bu kluba keçib. Onun “Qarabağ”la müddəti 2025-ci ilin yayında bitməli olan müqaviləsinə xitam verilib-verilmədiyi açıqlanmasa da, Hacılının “Zirə” ilə 2 illik müqaviləyə imza atdığı bildirilir.

Xatırladaq ki, Hacıağa “Zirə”də indiyə qədər meydana çıxdığı 88 matçda cəmi 1 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı yarımmüdafiəçi “Qarabağ”da da 11 oyuna 1 assistlə yadda qalıb. “Qəbələ”nin yetirməsi olan yarımmüdafiəçi Azərbaycanın U-17 və U-21 yığmalarında da çıxış edib.

Rüstəm “Zirə”də keçirdiyi bir mövsüm ərzində 35 matça çıxıb, 3 qol və 3 assistlə yadda qalıb. O, “Qarabağ”da keçirdiyi 8 oyunda isə fərqlənə bilməmişdi. Daha öncə Ukraynanın “Minay” komandasında çıxış etmiş (40 oyun, 3 qol, 4 assist) 22 yaşlı hücumçu Azərbaycanın U-21 yığmasında 2, əsas millimizdə 4 matç keçirib.

Anar isə 2021-ci ildən “Zirə”dədir. 37 yaşlı qolkiper 2015-2019-cu illərdə də bu klubun formasını geyinib. Onun “Zirə” karyerası 108 oyun və -123 qoldan ibarətdir. Nəzirov “Qəbələ” (75 oyun -110 qol), “Turan Tovuz” (26 oyun, -30 qol) və “Sumqayıt”ın (17 oyun, -28 qol) da uğurları üçün çalışıb.

Xatırladaq ki, “Zirə”də buna qədər “Qarabağ”dan İsmayıl İbrahimlini də icarəyə götürdüyünü açıqlamış, “Qəbələ”dən ayrılan Məqsəd İsayevi isə transfer etmişdi. Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye də komandanı tərk edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: