“Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu, son olaraq Limassol “Apollon”unda oynamış Baqali Dabo Kipr mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, fransalı futbolçu Kiprin “Omoniya” komandasının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.
35 yaşlı forvard püşkatmanın nikosiyalılar üçün uğurlu olduğunu düşünmür:
“Bu, “Omoniya” üçün ən yaxşı püşkatma deyil. Çünki “Qəbələ” avrokubokların qrupuna qayıtmaq istəyən komandadır. Onların təsnifat mərhələlərini necə idarə etdiklərini bilirəm. Bu matçlara çox diqqət yetirirlər. Düzdür, indi komandanın büdcəsi daha aşağıdır. “Qəbələ”nin bəzi oyunlarına baxıram. Bu komanda əvvəlki gücündə deyil. Lakin bu, onların keyfiyyətsiz olması demək deyil”.
Dabo hər iki komandanın baş məşqçisi barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, yaxşı oyunlar olacaq. Hər iki məşqçini – həm Sofroni Auqustini, həm də Elmar Baxşıyevi tanıyıram. Hər ikisinin baxımlı futbol oynatmağa böyük sevgisi var. Ona görə də, maraqlı matçlar olacağına inanıram. “Omoniya”ya cüzi üstünlük verirəm. Çünki son 3 ildə avrokubokların qruplarında çıxış edib”.
O, Elmar Baxşıyevin ildən-ilə özünü inkişaf etdirdiyini xüsusi vurğulayıb: “Mən “Qəbələ”də olanda Elmar Baxşıyev gənclərdən ibarət komandanın məşqçisi idi. Ardından əsas komandanın köməkçi-məşqçisi vəzifəsini yerinə yetirdi. Baxşıyev komandasının rəngarəng futbol oynamasını istəyir. Onun fəlsəfəsi Sofroni kimidir”.
Hücumçu Azərbaycan və Kipr çempionatlarının müqayisəsindən imtina edib: “Azərbaycan çempionatının səviyyəsi çox yaxşılaşıb. Bu üzdən iki liqanı müqayisə edə bilmərəm”.
Xatırladaq ki, Baqali Dabo Azərbaycanda 2016-2018-ci illər aralığında “Qəbələ”nin, 2018-2020-ci illər aralığında isə “Neftçi”nin formasını geyinib.
“Qəbələ” ilə “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Azərbaycanda, cavab qarşılaşması isə avqustun 3-də Kiprdə baş tutacaq.


