Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yay fasiləsində ikinci legioner transferini rəsmiləşdirib.
Arena.az xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi Juninyo ilə güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı sağ cinah vingeri Portuqaliyanın “Şaveş” klubundan transfer olunub. Ağdam təmsilçisinin bu transfer üçün portuqallara 500 min avro təzminat ödədiyi iddia olunur.
Tam adı Olavio Vieyra dos Santos Junior olan futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.
Juninyo “Atletiko” (Paranaense) klubunun yetirməsidir. O, doğma klubunun əsas komandasında cəmi 6 oyun keçirib. Yarımmüdafiəçi 2020-ci ilə qədər müxtəlif klublarda icarədə olub. O, “Quaratingeta”, “Portimonense”, “Brazil de Pelotas”, “Novorizontino”, “Fiqeyrense”, “Vila Nova”, “Eştoril” kimi klublarda icarədə oynadıqdan sonra 2020-ci ilin oktyabr ayında “Şaveş”ə transfer olunub. Vinger bu komandada keçirdiyi 83 oyunda 12 qol və 2 assistlə yadda qalıb. Onun Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında bitəcəkdi.
Xatırladaq ki, bu, “Qarabağ”ın yay transfer pəncərəsi dönəmindəki ikinci transferidir. Ağdam klubunun ilk transferi Premyer Liqanın digər təmsilçisi “Zirə”dən fransalı sol cunah vingeri Hamidu Keyta olub.
Kapitanı Maksim Medvedevlə yeni müqavilə imzalamış Azərbaycan çempionu, Ramil Şeydayev və Filip Ozobiçlə yollarını ayırıb, İsmayıl İbrahimlini isə “Zirə”yə icarə verib. Komandanın daha iki üzvü – Hacıağa Hacılı ilə Rüstəm Əhmədzadə də “Zirə”də qalıb.






