Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, o, Litvada yerli “Jalgiris”lə Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Bu komandaların UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq ilk oyun məhz azərbaycanlı hakimlərə tapşırılıb. Baş hakim Elçin Məsiyev olacaqsa, ona yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
İyulun 11-də Vilnüsdə keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


