Fabio Karvalyo rəsmən “Leypsiq”də

“Liverpul”un Portuqaliyadan olan hücumameyilli yarımmüdafiəçisi Fabio Karvalyo icarə əsasında “Leypsiq”ə keçib.

Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən xəbər verir.

20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Almaniya klubunun uğurları üçün çalışacaq. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb. Belə ki, “Liverpul” qarşı tərəfin gənc futbolçunun tamhüquqlu transferi ilə bağlı təklifini qəbul etməyib.

Xatırladaq ki, Fabio Karvalyo “Liverpul”a ötən yay “Fulhem”dən keçmişdi. O, 2022/2023 mövsümündə bu klubun əsas komandasında 21 oyun keçirib, 3 qol vurub. Fabio Karvalyonun “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Daha öncə yalnız “Fulhem”də oynamış (44 oyun, 12 qol, 8 assist) Karvalyo, Portuqaliyanın U-21 millisində də forma geyinir.

“Transfermarkt” internet-portalı Fabionu 16 milyon avro məbləğində qiymətləndirir.

“Leypsiq” qapıçısı Tim Şrayber və yarımmüdafiəçisi Dennis Borkovskini də icarəyə göndərib. Borkovski qarşıdakı mövsümü Drezden “Dinamo”sunda, Şrayber isə “Saarbrükken”də keçirəcək. Hər iki futbolçunun icarə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.

21 yaşlı Tim Şrayber “Leypsiq”in yetirməsidir. Alman qapıçı daha öncə “Halleşer” və “Holştayn Kil” klublarında da icarədə olub. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış qolkiper Bundesliqa təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb.

Dennis Borkovski də “Leypsiq”in öz yetirməsidir. 21 yaşlı futbolçu daha öncə “Nürnberq”də də icarədə olub. O, doğma klubunun əsas komandasında 4 oyun keçirib və 1 məsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: