“Sumqayıt” Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin Albaniyanın “Eqnatiya” klubuna transfer olunduğunu təsdiqləyib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Klub Vüsala gələcək karyerasında uğurlar arzu edib.
Xatırladaq ki, bir neçə gün öncə “Eqnatiya” klubunun prezidenti Agim Demrozi də “PanoramaSport” nəşrinə açıqlamasında Vüsalı transfer etdiklərini açıqlamışdı. O, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladıqlarını bəyan etmişdi.
“Eqnatiya” Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub. İsgəndərlinin yeni komandası qarşıdakı mövsümdə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
Vüsal İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. O, Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.


