“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Cəbəllüttariqin “Linkoln” komandasının kapitanı dəyişib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bundan sonra komandanın əsas kapitanı Bernardo Lopes olacaq. O, bu “vəzifə”də Roy Çipolinanı əvəz edəcək. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaqlar.
Xatırladaq ki, “Qarabağ” ilə “Linkoln” arasındakı ilk matç sabah – iyulun 11-də səfərdə keçiriləcək. Cəbəllüttariqdəki “Viktoriya” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra – iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Həmin matça da saat 20:00-da start veriləcək.


