“Benfika” Joao Feliksi geri qaytarmaq istəyir

“Benfika” Madird “Atletiko”sunun portuqal hücumçusu Joao Feliksi bu yay transfer pəncərəsində heyətinə qaytarmaq niyyətindədir.

Arena.az bu barədə “Record” dərgisinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Portuqaliya klubu 23 yaşlı hücumçunu icarəyə götürməyi ciddi hədəfləyib. Klubun prezidenti Ruy Kosta Felikslə bağlı vəziyyəti diqqətlə yaxından izləyir və “Atletiko”nun hazırkı durumda hücumçunu tamhüquqlu transferə çıxara bilməyəcəyini başa düşür.

Joao Feliks 2016-2019-cu illərdə “Benfika”da çıxış edib, 2019-cu ildə “Atletiko” tərəfindən 127 milyon avroya alınıb.

Xatırladaq ki, daha əvvəl Feliksin daha “Atletiko”da oynamaq istəmədiyi və PSJ-yə keçmək istədiyi haqda məlumat yayılmışdı. Hücumçunun bu seçiminin PSJ-nin Feliksin bütün tələblərinə cavab verməsindən irəli gəldiyi deyilirdi: komanda UEFA Çempionlar Liqasında oynayır və kuboklar uğrunda daim mübarizə aparmaq iqtidarındadır.

Ötən mövsümün ikinci yarısında Joao Feliks icarə əsasında “Çelsi”də çıxış edib, “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub. Daha sonra “Çelsi” Feliksin xidmətində maraqlı olmadığını bildirib.

Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Atletiko”nun hücumçusu Antuan Qrizmanın Joao Feliksin çıxış etdiyi 7 nömrəni özünə götürdüyü bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: