2023/2024 mövsümünə hazırlaşan “Qəbələ” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərindəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəliblər.
Qarşılaşma komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutub.
Eyniadlı şəhəri təmsil edən “Sukleya”nın əsası 2018-ci ildə qoyulub. Növbəti il 2-ci liqanın cənub zonasının çempionu olan komanda 1-ci dəstəyə vəsiqə qazanıb. 2020/2021 mövsümündən burada çıxış edən “Sukleya” ötən çempionatda pley-offa vəsiqə qazansa da, ilk raundda mübarizəni dayandırıb.
Bu rəqiblə oyun Azərbaycan komandası üçün uğurlu alınıb. Elmar Baxşıyevin yetirmələri Moldova təmsilçisinə inamlı hesabla qalib gəliblər. İlk 39 dəqiqədə 3 cavabsız qola sevinən qəbələlilər fasilə ərəfəsində özləri də qapılarında top görüblər. Amma fasilədən dərhal sonra komandamız daha bir qol vurmağı bacarıb. Rəqibin gücü yalnız ikinci hissədə hesab arasındakı fərqi azaltmağa çatıb. Beləcə, oyun 4:2 hesabıyla Azərbaycan klubunun xeyrinə bitib.
Xatırladaq ki, “Qəbələ” Boluda bütövlükdə üç yoxlama matçı keçirəcək. Növbəti sınaq matçı iyulun 15-də Rusiyanın “Orenburq” komandasına qarşı olacaq. Komandanın Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-nə qədər davam edəcək.
Qəbələnin eyniadlı təmsilçisini bu yay Avropa Konfrans Liqasında da mübarizə gözləyir. Azərbaycan təmsilçisi Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək. Turnirin 2-ci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.
Yoxlama oyunu
12 iyul
“Qəbələ” – “Sukleya” 4:2
Qollar: İlkin Qırtımov, 7. Murad Musayev, 17. Omar Hani, 39. Osama Xalayla, 46.
Bolu. “Termal otel”in məşq bazası
Baş məşqçi Elmar Baxşıyev “Sukleya” ilə oyunda start heyətdə bu futbolçulara yer verib:
Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Ürfan Abbasov, Rauf Hüseynli, Gilad Abramov, Əyyub Allaş, Omar Hani, Ülvi İsgəndərov, Osama Xalayla.


