“Neftçi”nin potensial rəqibləri Bakıya məhsuldar heç-heçə ilə gəlir

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci raundundakı potensial rəqibləri bu gün 1-ci təsnifat mərhələsində ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları Sarayevoda üz-üzə gəliblər.

Qarşılaşma qonaqlar üçün uğurlu başlayıb. Belə ki, Minsk təmsilçisi səfərdə ilk 50 dəqiqəyə 2 qol vurmağı bacarıb. Belarus klubunun ilk qolunu 41-ci dəqiqədə İvan Baxar, ikinci topunu isə 50-ci dəqiqədə Vladislav Morozov vurub. Bosniyalılar isə matçın sonlarında ayrılıblar. 74-cü dəqiqədə meydana çıxan Dzenan Haraçiç əvvəlcə 85-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 90+1-ci dəqiqədə isə o, bərabərlik qoluna da imza atıb. Beləcə, qarşılaşma 2:2 hesabıyla başa çatıb.

Bu komandalar arasındakı cavab qarşılaşması iyulun 20-də Bakıda baş tutacaq. Cütün qalibi növbəti təsnifat mərhələsində məhz “Neftçi” ilə üz-üzə gələcək. Püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi ilk matçını 27 iyulda səfərdə, cavab görüşünü isə avqustun 3-də Bakıda keçirəcək.

Xatırladaq ki, “Jelezniçar”la “Dinamo” arasındakı cavab görüşü əslində Belarusda baş tutmalı olsa da, UEFA-nın məlum sanksiyaları səbəbindən bu ölkənin komandaları ev oyunlarını doğma meydanlarında keçirə bilmirlər. Bu üzdən Belarus komandaları rəqiblərini fərqli ölkələrdə qəbul edirlər. Minsk “Dinamo”su da “Jelezniçar”la oyun üçün Bakını seçib. Sözügedən klubun “Qarabağ”la danışıqları müsbət yekunlaşıb. Nəticədə Minsk təmsilçisi bosniyalılarla cavab matçının “Azərsun Arena”ya təyin olunmasına nail olub. Bakıda keçiriləcək cavab oyunu saat 21:00-da başlayacaq. Qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Mixal Okenaş olacaq.

Bir sözlə, “Neftçi”nin 2-ci təsnifat mərhələsindəki rəqibi məhz Bakıda müəyyənləşəcək. Bu komandalardan biri qısa fasilə ilə Azərbaycan paytaxtına iki dəfə səfər etməli olacaq. Öncə Avropa Konfrans Liqasının 1-ci, daha sonra isə 2-ci təsnifat mərhələsinin oyunu üçün.

Xəbəri sosial şəbəkələrdə paylaş: