Cessik Nqankam “Herta”nı “Ayntraxt”a dəyişdi – Rəsmi

Almaniyanın “Herta” klubunun hücumçusu Cessik Nqankam Bundesliqada mübarizə aparan “Ayntraxt”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Frankfurt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Elita təmsilçisi bu transfer üçün “Herta”ya 4 milyon avro ödəyib. 22 yaşlı alman forvardla 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Cessik Nqankam “Herta”nın öz yetirməsidir. O, bu yay Bundesliqanı tərk edən sözügedən klubun əsas komandasında 37 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futblçu “Qroyter”də də forma geyinib.

“Ayntraxt” İngiltərənin “Lids” klubunun alman müdafiəçisi Robin Koxu da icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Almaniya yığmasının da üzvü olan futbolçu 2020-ci ildən oynadığı “Lids”də 77 oyun keçirib. O, daha öncə “Frayburq”, “Kayzerslautern”, “Ayntraxt” (Trir) kimi klubların da formasını geyinib.

Frankfurtlular “Köln”ün yarımmüdafiəçisi Elyes Sxirini də azad agent kimi heyətə qatıblar. Tunis yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Monpelye”nin yetirməsi 2019-cu ildən oynadığı “Köln”də 133 oyuna 20 qol vurub, 8 assist ediib. O, Tunis yığmasında da 54 oyun keçirib, 3 qol vurub.

Sxiri ilə vidalaşan “Köln” hücumçusu Tim Limperleni (21 yaş) “Qroyter”ə, yarımmüdafiəçisi Marvin Obuz (21 yaş) və qapıçısı Yonas Urbiqi (19 yaş) də “Rot Vays Essen”ə icarəyə verib. Onların üçü də qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.

Qapıçı Marvin Şvabe, müdafiəçi Timo Hübers və hücumçu Devi Selke isə “Köln”lə yeni müqavilə bağlayıb. 28 yaşlı Şvabe 4, 26 yaşlı Hüberslə 28 yaşlı Selke isə 3 illik müqaviləyə imza atıblar.

“Köln” heyətinə yeni futbolçu da cəlb edib. Bundesliqa klubu “Nordsyeland”ın yarımmüdafiəçisi Yakob Kristenseni transfer edib. Azad agent statusuna malik 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: