“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Linkoln”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1-ci təsnifat mərhələsində rəqib olduqları Cəbəllüttariq çempionu ilə ikinci oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Sabah diqqətli olmalıyıq. “Linkoln”la ilk oyun heç də asan olmadı. Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik”.
Baş məşqçi yeni transferlər Juninyo və Patrik Andradenin hələ hazır olmadıqlarını etiraf edib: “Onların hazırlığı bizi qane edəcək səviyyədə deyil. Məşqlərdə səylə çalışırlar. Juninyonun ən azı sonradan meydana çıxmasına sabah qərar verəcəyik”.
Qurban Qurbanov qarşılaşmanın Bakı Olimpiya Stadionuna salınmasının onlar üçün ciddi problem olmadığını vurğulayıb: “Bakı bizimdir, hər yeri doğmadır. Əlbəttə ki, azarkeşlərin rahatlığını da düşünmək istərdik. Oyunlarımızın çoxunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiririk. Azarkeşlər üçün də ora gəlmək bəlkə rahat olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlarımız olur. İnanmıram ki, buna görə hansısa çətinliklə üzləşək”.
O, yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Düşünmürəm ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Yaxşı kollektiv formalaşıb, hamısı çox istəklidir. Əlavə 1-2 oyunçu götürə bilərik. Olmasa belə, əlimizdəki heyət bizi qane edir”.
“Qarabağ”ı təəccübləndirməyə çalışacağıq”
“Linkoln”un baş məşqçisi Xavi Munyos da bu gün Bakıda mətbuat konfransı keçirib və cavab matçı öncəsi gözləntilərini dilə gətirib:
“Cavab oyununa xüsusi planlarımız var, Bakıya gəzməyə gəlməmişik. Amma planımı burada açıqlamayacağam. Bizi çətin mübarizə gözləyir. Oyuna məğlub başlayacağıq. Buna baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq.
İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə, qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. “Qarabağ”ı yenə təəccübləndirmək üçün hər şeyi edəcəyik.
Düzdür, Bakıya səfərimiz uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər uzun deyildi. Klub bizim üçün rahat şərait yaratmağa çalışdı. Bu amilin sabah oyunumuza təsir edəcəyini düşünmürəm”.
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” oyununa saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu 2:1 hesabıyla üstün olub.


