“Qarabağ” bu gün “Linkoln”u qəbul edir

Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə bu mövsüm Cəbəllüttariq çempionu “Linkoln”a qarşı səfər oyunu ilə başlayıb.

Komandamız səfərdə, “Viktoriya” stadionunda baş tutan ilk oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinmişdi. Bakıdakı cavab matçında mərhələ adlamaq üçün ağdamlılara hətta heç-heçə də bəs edir. Amma ölkə reytinqini qaldırmaq üçün avrokubok matçlarında hər oyundan qalib ayrılmaq daha vacibdir. Ehtimal etmək çətin deyil ki, Azərbaycan təmsilçisi “cırtdan” ölkə klubunu Bakıdan da məğlub yola salmağa çalışacaq.

Xatırladaq ki, “Linkoln” geridə qalan mövsümdə Cəbəllüttariq çempionatı çərçivəsində keçirdiyi 20 oyundan 17-də qalib gəlib. 1 heç-heçəsi olan kollektiv, 2 görüşdə də məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 197-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 66-cı sırada olduğunu da vurğulayaq.

Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk duelidir. Ağdam təmsilçisi bu duelin aşkar favoriti sayılır. Təmsilçimiz cütün taleyini demək olar ki, səfərdə həll edib. Amma cavab qarşılaşmasında arxayınlıq komandamız baha başa gələ bilər.

Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Albaniyalı hakim Eldoryan Hamitinin idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv”la üz-üzə gələcək. Polşa çempionu “Flora” (Estoniya) ilə ilk raundun oyunlarından qalib (evdə 1:0, səfərdə 3:0) ayrılıb.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
19 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Eldoryan Hamiti, Ridiger Çokay, Ani Koçyay, Çyapi Kreşnik (hamısı Albaniya).
Bakı Olimpiya Stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: