“Qarabağ” – “Linkoln” matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) oyununa bilet satışı davam edir.

Arena.az xəbər verir ki, artıq bu oyuna 18 500 bilet satılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Oyun saatına qədər bu göstəricidə artım olacağı şübhə doğurmur. Amma istənilən halda qarşılaşmaya olan marağın çox da böyük olmadığı göz önündədir. Bu da böyük ehtimalla həm rəqibin zəif olmasından, həm də matçın keçirildiyi stadiona gediş-gəlişin çətinliyindən irəli gəlir.

Xatırladaq ki, “Qarabağ” – “Linkoln” matçı bu gün 68 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək. Cavab matçına saat 20:00-da start veriləcək. Bu komandaların Cəbəllüttariqdə baş tutan ilk matçında Azərbaycan çempionu 2:1 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, Bakıdakı cavab matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), eləcə də Ağdam klubunun “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-dək) almaq olar.

Xəbəri sosial şəbəkələrdə paylaş: