“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln”la (Cəbəllüttariq) cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla (ilk oyun 1:0) qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Böyükhesablı qələbə qazansaq da, rəqib mübarizədən əl çəkmirdi. Futbolçularımı təbrik edirəm. Onlar sona kimi çox güc sərf etdilər. Yaxşı qalibiyyət oldu. Belə atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm”.
O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib: “Medina ilə ciddi maraqlanırlar. Amma o, hələlik bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi.
Yassin Benzya hələ optimal formada deyil. Onun ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benzyanı görəcəyik. Bu gün tam razı deyiləm. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq.
Bəhlil Mustafazadə bu görüşdə hücuma daha çox atıldı. Standart vəziyyətlərdən sonra hücumda görünür və düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq”.
Baş məşqçi növbəti raunddakı rəqib “Rakuv”un fərqli üsluba malik olduğunu vurğulayıb: “Hər bir komandanın bizə qarşı yaşatdığı çətinliklər var. Hər klub fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik”.
“Qarabağ”ın həmişə mübariz kollektiv olmasını istəmişəm”
Qurbanov ən böyük arzusunun “Qarabağ”ı ildən-ilə irəli aparmaq olduğunu vurğulayıb: “Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu klubun adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub – nə qədər güc sərf etmək lazımdırsa, onu da edəcəyəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz”.
Baş məşqçinin azarkeşlərdən istəyi futbolçulara qarşı pozitiv reaksiyalar göstərmələridir: “Çox istərdim ki, fanatlar oyunçulara qarşı həmişə pozitiv olsunlar. Futbolçular normal insandır, böyük yükün altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Onlar bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Fanatın şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi komandalara bu, müsbət təsir göstərir”.
Qurban Qurbanov hücumun mərkəzində problem yaşamadıqlarını düşünür: “Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara mərkəz hücumçusu lazım olmur. Bu gün Redon Cicanı orada istifadə edirik. Juninyonu almışıq, Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam”.
“Qarabağ”ın baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini sözlərinə əlavə edib: “Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalı idi. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer ola da bilər, olmaya da”.
“Qarabağ” qrupa düşməyə namizədlər sırasındadır”
“Linkoln”un baş məşqçisi Xavi Munyos isə məğlub olduqları oyunu belə şərh edib:
“Qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm də “Qarabağ” klubuna təşəkkürümü bildirirəm. Güclü rəqiblə qarşılaşdıq. “Qarabağ” bu gün qələbəyə layiq idi, çox üstün oyun nümayiş etdirdi. İlk dəqiqələrdən mübarizə bizim üçün çətin oldu. Buna da hazır idik. Uduzmağımıza baxmayaraq, bütün komanda ilə qürur duyuram. Avropada mübarizə aparan sadə klubuq. Bu gün də əlimizdən gələni etdik. Bundan sonra da belə olacaq”.
O, “Qarabağ”ın turnirdəki şanslarını da dəyərləndirib: “Qarabağ”ın oyununa bələdəm. Onlar bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Növbəti mərhələdə “Rakuv” önündə onlara asan olmayacaq. Amma “Qarabağ” qrup mərhələsinə düşməyə namizədlər sırasındadır”.
Xatırladaq ki, “Qarabağ” ÇL-in 2-ci raundunda Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. “Linkoln” isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.


