Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Kipr “Omoniya”sı növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Kipr Super Kuboku uğrunda oyunda “Aris”lə qarşılaşıb.
Nikosiyadakı GSP stadionunda baş tutan matçda son ölkə çempionu “Aris” 2:0 hesablı qələbəyə sevinib. Kipr kubokunun sonuncu qalibi olan “Qəbələ”nin rəqibi 21 və 90+3-cü dəqiqələrdə buraxdığı qollarla məğlub olub.
Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Qəbələdə keçirilləcək. Bu matçı Rumıniya Futbol Federasiyasından olan hakmlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Andrey Çivulete olacaq. Ona yan xətt hakimləri Sebastyan George ilə Daniel Mitruti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Horatsiu Feşniç yerinə yetirəcək.
Avqustun 3-də Kiprdə baş tutacaq cavab görüşünün baş hakimi isə İsveç Futbol Federasiyasından Adam Ladebak olacaq. Ona yan xətt hakimləri qismində Markus Lundqren Klitte və Daniel İnq kömək edəcəklər. Dördüncü hakim Yoakim Ostlinq olacaq.
Azərbaycandakı matça saat 20:00-da, Kiprdəki qarşılaşmaya isə 21:00-da start veriləcək.


