Fərrux Mahmudov Adrian Mutu və kolektivlə görüşdü

“Neftçi” Peşəkar Futbol Klubunun bu gün təyin olunan prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.

Arena.az xəbər verir ki, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə komandanın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.

O, “ağ-qaralar”a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.

Xatırladaq ki, bu gün keçmiş prezidenti Kamran Quliyevin vəzifəsindən azad olunduğunu açıqlayıb. O, paytaxt klubuna 2018-ci ildən rəhbərlik edirdi. Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. O, daha öncə “Sumqayıt”da da prezident kimi çalışıb

Quliyevin əvəzində Fərrux Mahmudov klubun yeni prezidenti (baş icraçı direktoru) təyin edilib. 1982-ci ildə anadan olan Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var.

“Neftçi”ni qarşıda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə oyunlar gözləyir. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı avqustun 3-də Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: