“Neftçi” – “Jelezniçar”: Açıq məşq və mətbuat konfransı olacaq

“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də “Jelezniçar”la cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Bosniya və Herseqovina təmsilçisi ilə Bakıdakı oyundan öncə hər iki komandanın son məşqi və baş məşqçilərin iştirakı ilə mətbuat konfransı baş tutacaq.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə baş tutacaq mətbuat konfransı avqustun 2-də təşkil olunacaq. Matçın oynanılacağı 8-ci km stadionunda keçiriləcək tədbir saat 18:30-da başlayacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Həmin gün eyni məkanda “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı olacaq. Bu tədbir isə saat 19:30-da başlayacaq. Saat 20:00-da da komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) start götürəcək.

Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçına saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 2:2.

Azərbaycanın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan digər təmsilçisi “Sabah” da eyni gündə RFS (Latviya) ilə qarşılaşacaq. Artıq bu matçdan öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin də vaxtı müəyyənləşib.

“Sabah”ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də başlayacaq.

Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 19:30-da başlayacaq. Latviya təmsilçisinin açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.

Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – RFS oyununa saat 20:00-da start veriləcək. Bu komandalar arasında Latviyada baş tutmuş ilk qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: