Andre Şinyaşiki: “Neftçi” ilə çempionluqlar qazanmaq istəyirəm”

“Neftçi”nin yeni transferi, braziliyalı hücumçu Andre Şinyaşiki paytaxt klubunun mətbuat xidmətinə müsahibə verib.

Arena.az xəbər verir ki, braziliyalı hücumçu “ağ-qaralar”dan təklif gələndə çox sevindiyini söyləyib:

“Buraya gəldiyim üçün xoşbəxtəm. Klub haqqında əvvəlcədən məlumatım var idi. Daha sonra internet üzərindən də araşdırdım. Şəhəri çox bəyəndim. Azərbaycanda çıxış etmiş tanışları olan, Qazaxıstanda oynayan bir dostumdan ölkəniz haqqında soruşdum. O, burada mənə hər şeyin yaxşı, komandanın ailə kimi olduğunu dedi”.

“Neftçi”yə ABŞ-ın “Şarlott” klubundan keçən 26 yaşlı futbolçu MLS-i Azərbaycan Premyer Liqasına dəyişməsinin səbəbini də açıqlayıb: “Həmişə Avropada çıxış etməyi arzulamışam. Bildiyiniz kimi, ABŞ çempionatında 6 ildən çox oynamışam. Düşündüm ki, artıq dəyişiklik etməyin vaxtıdır. Bu üzdən də dünyanın digər tərəfindən gələn təklifi dəyərləndirmək istədim”.

Həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynaya bildiyini söyləyən Şinyaşiki karyerasının əksər hissəsində forvard kimi çıxış etdiyini vurğulayıb: “Sonra isə məni sol cinah hücumçusu kimi oynadıblar. Artıq bu mövqeyə də uyğunlaşmışam. Harada oynamağımın fərqi yoxdur. Əsas odur ki, komandaya köməyim dəysin”.

Təcrübəli oyunçu sonda azarkeşlərə səslənib: “Hər zaman qələbə uğrunda döyüşən bir oyunçu olacağam. Burada çempionluqlar və kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, bunu bacaracağam”.

Xatırladaq ki, Andre Şinyaşiki “Neftçi”yə azad agent kimi keçib. O, paytaxt klubu ilə 2 illik müqaviləyə imza atıb. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: