“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasında “Jelezniçar”a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis Bosniya və Herseqovina təmsilçisi ilə 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Artıq rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi çətin oyun gözləyir, bunu dərk edirik, amma təbii ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır”.
Əlbəttə, keçirəcəyim ilk ev oyunu olduğu üçün həyəcanlıyam. Təbii ki, ev matçlarına növbəti mərhələ adlamaqla start vermək istəyirəm. Arzu edirəm ki, azarkeşlər tribunaları doldurub komandaya sonadək dəstək versinlər. Onlara söz verə bilərəm ki, “Neftçi”nin uğur qazanması üçün hər oyun 200 faiz gücümüzü verməyə hazırıq. Sabah da eynisini verəcəyik ki, qələbə qazanıb mərhələ adlayaq. Məni narahat edən yeganə məsələ komandamın çıxışıdır. Rəqibin baş məşqçisi əsəbidirsə, bu mənim problemim deyil. Azarkeşlərin yaradacağı atmosfer futbolçulara iki cür təsir edə bilər. Oyuna yaxşı başlasaq, bu bizə müsbət, pis başlasaq, mənfi təsir edə bilər. Düşünürəm ki, bizə yalnız müsbət təsiri olacaq.
“Neftçi” böyük tarixə malik klubdur. Əsas məqsədlərimizdən biri də odur ki, daha çox azarkeşi stadiona cəlb edək, komandaya dəstək olsunlar. Onları buna vadar edən şey komandanın göstərdiyi oyundur, nəticələridir. Biz də çalışacağıq ki, oyunumuz və nəticələrimizlə buna nail olaq.
Məncə, Rəhman Hacıyev Bosniyada işini layiqincə yerinə yetirdi. Mənim üçün əsas və əvəzedici heyət oyunçusu kimi bir anlam yoxdur. Heyəti futbolçuların məşqlərdə həftəboyu göstərdiyi performansa görə müəyyənləşdiririk. Yəni Rəhman belə davam etsə, start heyətində yerini möhkəmlədə bilər. Hər bir futbolçuya şans verəcəyəm. Hazırda əlimdə olan futbolçuların hamısının oyunundan razıyam, şayiələrə fikir vermək lazım deyil. Məşqlərimiz çox yaxşı gedir. Bunu səfərdə vurduğumuz son dəqiqə qolu ilə də sübut etdik. Əvvəlki “Neftçi” ilə müqayisədə fiziki cəhətdən indi daha yaxşı səviyyədəyik. Düşünürəm ki, oyundan oyuna daha da yaxşı olacağıq, məqsədimiz budur”.
“Bizə belə bir oyunçunu burada saxlamaq lazım deyil”
Adrian Mutu komandanın yeni transferləri barədə də fikirlərini bölüşüb:
“Yeni cəlb olunmuş transferlərdən razıyam. Çünki bütün bu keçidlər sırf mənim istəyimlə baş tutub. Andre Şinyaşikinin necə oyunçu olduğunu bilirəm, amma iki gün əvvəl gəldiyi üçün indi onun haqqında heç nə deyə bilmərəm. Bu gün bizimlədirsə, deməli, onu bəyənmişəm. Bundan sonrakı transferlərin də komandaya kömək edəcəklərinə ümid edirəm.
Bakını çox bəyənirəm, çox gözəl şəhərdir. Burada insanlar mənimlə çox yaxşı davranırlar. Mətbəxiniz də çox dadlıdır. Saldanyaya gəlincə, o, komandanı uyğunsuz bir vaxtda tərk etdi, amma bir futbolçunun ürəyi və beyni komanda ilə birlikdə deyilsə, bizə belə bir oyunçunu burada saxlamaq lazım deyil”.
“Rəqibə öz oyunumuzla cavab verməliyik”
Mətbuat konfransında iştirak edən Kapitan Emin Mahmudov da fikirlərini bölüşüb: “Baş məşqçimizin də dediyi kimi, Bosniya klubunu daha yaxından tanıdıq. İnşallah, öz oyunumuzu göstərək ki, qələbə qazanaq. Əsas odur ki, mərhələni biz adlayaq, sonra kiminlə oynayacağımız fərq etməz. Hazırda əsas məqsəd sabah qələbə qazanmaqdır. Biz rəqibə öz oyunumuzla cavab verməliyik. Hesabda önə keçəndən sonra vaxt aparmaq haqda düşünmürük. Belə şeyləri xoşlamıram, bu bizə qarşı olunanda da xoşuma gəlmir. Ümumiyyətlə, belə hallarda temp aşağı olur ki, bu da arzuolunmazdır. Çalışacağıq yaxşı oynayıb qalib gələk. Hər məşqə var gücümüzlə çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Əlimizdən gələni edəcəyik ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün istəkliyik, motivasiyalıyıq”.
“Neftçi” favoritdir”
“Jelezniçar”ın baş məşqçisi Nermin Başiç də bu gün Bakıda jurnalistlərlə görüşüb. O, mətbuat konfransında rəqibin favorit olduğunu etiraf edib:
“Bizi öz futbol mərkəzində qonaq etdiyi üçün “Neftçi”yə təşəkkür edirəm. Bəzi problemlərimiz var idi. 6-7 oyunçumuz zədəlidir. Bir neçə gün ərzində bu problemləri aradan qaldırmağa çalışdıq. “Neftçi” böyük komandadır. Onlar cütün favoritidir. Bilirik ki, matç üçün bütün biletlər satılıb. Bütün Bosniya və Herseqovina bizə dəstəkdir. Çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. İlk matç bizim üçün yaxşı oldu. Bəzi şeyləri təhlil etdik. “Neftçi”nin gündən-günə gücləndiyini bilirik. Onları təhlil edirik. Rəqibə qarşı hazırlıqlı olacağıq. “Neftçi” büdcə baxımından da bizdən qat-qat üstündür. Amma mən oyunçularıma inanıram. Onları növbəti matçlar üçün kökləyirəm.
Qlobal istiləşmə hər yerdə var. Bakıda da, Sarayevoda da temperatur eynidir. Bunun oyuna təsir edəcəyini düşünmürəm. Bosniya və Herseqovina çempionatında dinamika Avropadan daha yüksəkdir. Biz sadəcə üç yoldaşlıq oyunu keçirə bilmişdik. Uzun məsafələr də bizi yorurdu. Sabah daha dinamik “Jelezniçar” görəcəksiniz”.
Xatırladaq ki, sabah 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununa saat 21:00-da start veriləcək. Bir həftə öncə Sarayevoda baş tutmuş ilk oyunda qalib müəyyənləşməyib – 2:2.


