“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Avropa Konfrans Liqasında “Omoniya”ya qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprdə baş tutacaq yerli komanda ilə oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Komandamız bu gün Kiprə çatıb. Bizi vacib oyun gözləyir. Futbolçular da matçın əhəmiyyətini yaxşı dərk edirlər. Düşünürəm ki, sabah layiqli mübarizə aparacaq və istədiyimiz nəticəni alacağıq. İki matç arasında olan bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil. Sevindiricidir ki, komanda oyundan sonra hər şeyə düzgün reaksiya verdi və qarşıdakı matça hazırlaşmağa başladı. Futbolçular da ilk qarşılaşmada yaxşı futbol göstərdiklərini dərk edirlər”.
Elmar Baxşıyev ilk matçdakı məğlubiyyətə baxmayaraq, cavab görüşündə uğurlu nəticə inamlarının olduğunu dilə gətirib: “Əlbəttə, sabah asan olmayacaq. Amma təslim olmaq fikrində deyilik. Azarkeşlərimiz bizimlə olmasa da, onları sevindirməyə çalışacağıq”.
“Omoniya”nın baş məşqçisi Sofronis Avqusti də cavab matçından öncəki mətbuat konfransında fikirlərini bölüşüb:
“Rəqib elə-belə komanda deyil. İlk oyunda bizi təəccübləndirdi. Bu üzdən də sabah hər şeyə sıfırdan başlayacağıq. Məqsədimiz ilk görüşdə olduğu kimi qələbə qazanmaqdır. Asan olmayacaq, amma özümüzə inanırıq. Azarkeşlərin də köməyi ilə müsbət nəticə əldə edəcəyimizə inanıram”.
O, Qəbələdəki ilk oyunu ciddi təhlil etdiklərini söyləyib: “Məşqdə çatışmayan cəhətləri düzəltdik. Avrokuboklarda qalib gəlmək asan deyil. Matça ciddi hazırlaşmışıq. “Qəbələ”nin müəyyən planları olacaq. Amma biz də öz oyunumuzu göstərməliyik. Məqsədimiz yaxşı oyunla növbəti mərhələyə vəsiqə qazanmaqdır”.
Xatırladaq ki, sabah keçiriləcək “Omoniya” – “Qəbələ” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bir həftə öncə Qəbələdə baş tutmuş ilk oyunda Azərbaycan təmsilçisi 2:3 hesabıyla məğlub olub.


