Murad Musayev: “Əsl kişilik göstərdik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFS-ə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis Latviya komandasına 2:1 hesabı ilə qalib gəldikləri matçdan (ilk oyun 2:0) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, əsl kişilik göstərdik. Nəticəyə görə sevinirəm. Bir az həyəcan var idi. Bu da evdə ilk avrokubok oyunu olması ilə bağlıdır. Çox vaxtımız yoxdur. İki gün sonra Premyer Liqada “Qəbələ” ilə matçımız var. Mövsümə yaxşı başladıq”.

Musayev rəqibin heyətində səviyyəli oyunçular olduğunu bildirib: “İkinci hissədə riskə getdilər. Bir neçə qol imkanından yararlana bilmədik. Top buraxsaq da, geridönüş edə bildik. Rəqibin azlıqda qalması bizə problem yaratmadı. Oyun nəzarətimizdə idi. Onların çox qol fürsəti olmadı. Hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa çalışsaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik”.

Baş məşqçi yeni transferlər Vensan Till və Jarl Marqaritanın komandaya tam uyğunlaşmadığını etiraf edib: “Till bizə uyğun olan futbolçudur. Bu gün cinah hücumçusu kimi çıxış etdi. Qol imkanlarından istifadə edə bilmədi. Marqarita da hələ tam uyğunlaşmayıb”.

Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqib – Serbiya “Partizan”ı barədə fikir bildirməyin erkən olduğunu vurğulayıb: “İndi nəsə deyə bilmərəm. Hələ oyunlarına baxmamışam. Mərhələ adlamağa çalışacağıq”.

Viktor Moroz: “Bəxtimiz gətirmədi”

RFS komandasının baş məşqçisi Viktor Moroz isə Masazırda uduzduqları oyundan sonra bunları dilə gətirib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Mübarizəni dayandırdıq, rəqib yoluna davam edir. Bəzən yaxşı oynasan da, məğlub olursan. Hər iki komanda döyüşkən oyun sərgilədi. Qırmızı vərəqən sonra planlarımız dəyişdi. Buna baxmayaraq, qol vura bildik. Daha birini vurmaq istəyirdik, alınmadı. Rəqibin imkanları daha çox oldu. Komandamla fəxr edirəm”.

O, meydana aqressiv çıxmalarının ilk görüşdəki məğlubiyyətlə bağlı olduğunu söyləyib: “İstəmədiyimiz nəticə idi və daha yaxşı oynamalı idik. Lakin alınmadı. Oyunda çoxlu epizodlar oldu, hər iki komanda aqressiv idi. Bura nəticə əldə etmək üçün gəlmişdik və nə lazım idisə, etməliydik. Göstərdik ki, qonaq kimi gəlməmişik. Rəqib hesabı saxlamağa meyilli görünürdü. Düşünürəm ki, bəxtimiz gətirmədi. “Sabah”a növbəti oyunlarda uğurlar arzu edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: