İlqar Aslanov: “Sona qədər “vuruşmalıyıq”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov 2-ci MDB oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunacaq MDB Oyunlarında iştirak etmək üçün ötən gün sözügedən ölkəyə yollanıb.

Futzalçılarımız ilk oyunu avqustun 7-də Belarusa qarşı keçirəcəklər. Ümumiyyətlə, meydan sahibi ölkədən başqa, Özbəkistan, Qırğızıstan və Rusiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək komandamızın hazırlıq durumu ilə bağlı baş məşqçi İlqar Aslanov federasiyanın rəsmi saytına açıqlama verib:

“Komanda artıq Minskdədir. Əhval-ruhiyyə yaxşıdır. Turnirə normal hazırlaşmışıq. Təlim-məşq toplanışı keçirməsək də, gündəlik məşqlərlə bu boşluğu kompensasiya etməyə çalışdıq. Heyətimizin əksər üzvü mart ayında U-19-ların Avropa çempionatının əsas mərhələsində, eləcə də Yüksək Liqada iştirak edən futzalçılardır.

Rəqiblərə gəldikdə, əlbəttə, Rusiya və Belarus turnirin favoritləri hesab olunur. Ancaq Özbəkistan yığması da son illərdə inkişafdadır və demək olar, iddialılardandır. Qırğızıstanın oyunu haqda hələ ki, məlumata sahib deyiləm, ancaq onlar bizdən sonra oynayacaqlar, ona görə də canlı izləyib, bilgi əldə edəcəm. Təbii ki, rəqiblərimiz fərqlənsələr də, biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq. Uşaqlara da başa salmışam ki, biz Azərbaycan üçün oynayırıq. Ona görə də sona qədər “vuruşmalıyıq”. Bu cür turnirlər həm də gənc futzalçıların təcrübə toplaması, beynəlxalq oyun praktikası qazanması baxımından vacibdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: